Elon Musk sizi imtahan etsəydi nəticə necə olardı?

Dünən Elon Musk haqqında yazılmış bir kitabı oxuyub bitirdim.

Kitabdan çox şey öyrəndim. Hələ də məni düşündürən cümlələr zehnimdə sağa, sola səyahət edir. Amma bu yazıda onların hər birini tək-tək paylaşıb sizi yormağı düşünmürəm. Bu yazım sadəcə kitabı oxuyarkən bir an durub düşünməyimə səbəb olan, məni heyrətə salan paraqraflardan biri haqqında olacaq. Bu paraqraf Elon Muskla bir müddət dostluğu olmuş bir xanımın bir gecə telefonda söhbət edərkən Muskın ona danışdığı bir arzusu ilə bağlı anlatdığı xatirəsidir. Fikrimcə bu arzu özündə nəhəng uğurlara imza atmağın, hansısa bir sahədə/sahələrdə inqilabi yeniliklər edə bilməyin sirrini də gizlədir.

Haqqında danışdığım bu paraqrafdakı xatırəni danışan xanım Christie-dir. İlk tanışlıqları Muskın ad günü qonaqlığında olmuşdu. Bu tanışlıqdan sonra uzun müddət fərqli vaxtlarda telefonla əlaqə saxladıqlarını, Muskla söhbətlərinin çox maraqlı olduğunu, hətta bir gecə telefonda Muskın ona dedikləri haqqında “həyatımdakı ən qeyri adi anlardan, təcrübələrdən biri idi” deyə anladır Christie. Məhz dediyim o sirr də o gecə Muskın Christie ilə paylaşdığı bu cümlələrdə idi:

“Yemək yemədən yaşamağın bir yolunu tapa bilsəydim, daha çox işləyə bilərdim. Kaş zəruri qidaları, yemək üçün oturmağa ehtiyac qalmayacaq şəkildə  qəbul etməyin bir yolu olsaydı.”

Qısası, Musk arzu edirdi ki, evdə, restoranda oturub yemək üçün vaxt sərf etməsin, amma yenə də hansısa yolla ehtiyacı olan qidaları qəbul etməyin bir yolunu tapsın. Bununla da yemək yeməyə sərf edəcəyi vaxtı düşünməyə və işləməyə sərf etsin. 🙂

Burada diqqətimi çəkən vacib bir nüans var. O da Muskın daha o vaxtlardan işləməyə, əməyə qarşı olan arzusu, istəyidir. Bu niyə diqqətimi çəkdi? Niyə bu mövzuda yazmağa qərar verdim?

Çünki, hazırda uğurun, qalibiyyətin, zəfərin sirrlərini, fəlsəfəsini, qızıl qaydalarını öyrətməyi vəd edən bir çox məşhur mütəxəssisin, kouçun, təlimçinin və onların kitablarının, məqalələrinin dedikləri kimi pozitiv düşüncə, oturub xəyallar qurma, kainatın kömək etməsinə ümid etmə, qalaktiklara mesajlar göndərmə, öz-özünə müsbət təlqinlərlə mesajlar vermə və sairə kimi fərqli metodlar çox dəbdədir.

Amma real iş, əmək, zəhmət, icraat olmadan, insanın hədəfi uğurunda mübarizə zamanı sərf etməli olduğu QTG-ni (Qan + Tər + Gözyaşı) gözardı edərək böyük uğurlar qazanacağını düşünmək, inanmaq və bu fəlsəfə ilə yaşamaq uğura deyil, möhtəşəm uğursuzluqlara aparan bir yoldur.

Əlbəttə yuxarıda yazdıqlarımın da faydaları var, amma işləməyə həvəs olmadıqdan sonra, əmək sərf etməkdə könülsüzlük olduğu halda, yorulmaq narahat etdikdən sonra, mübarizə zamanı yaşayacağı böhranları anormal qəbul etməklə, həyatı ədalətsizliklə günahlandırmaqla, tər tökmədən, əngəlləri aşmağı arzulamaqla ciddi uğrular qazanmaq xoş və saf bir xəyaldan başqa bir şey deyil.

Bunun üçün də indi özümüzdən soruşaq və cavab verək:

1. Uğurlu olmağımı nəyə və nələrə bağlayıram?
2. Oturub pozitiv xəyallar qurmağımı daha çox istəyirəm, yoxsa qollarımı çirmələyib işə başlamağımı?
3. Zəhmət çəkmək, əmək sərf etmək, yorulmaq məni qorxudur, narahat edir, yoxsa bunlara gündəlik həyatımın normal bir hissəsi kimi baxıram ?

Bu yazıda verilən mesaj “yemək yeməyək”, “günün oyaq olduğumuz hər saatını işləyək” demək deyil, əsla!

Yazıdakı əsas mesaj sadəcə budur: Hədəflərinizi, xəyallarınızı reallaşdırmaq üçün İŞLƏMƏYƏ nə qədər istəklisiniz? İCRAAT eşqiniz nə dərəcədədir? Kainatın, qalaktikaların gəlib sizi uğurlu etməsini, sehirli xalatın sizi xəyalalrınıza aparmasınamı ümid edir, gözləyirsiniz, yoxsa “İşləməyən Dişləməz” milli düsturumuza inanıb, daha nə qədər çox işləyə bilərəm sualınamı cavab axtarırsınız?

Hamımızın tanıdğı uğurlu insanlar var. Hansılar ki, onlara heyranlıqla baxırıq və onlar kimi uğurlu olmağı arzuladığımızı deyirik. Amma sorğulayırıqmı özümüzü, onlar qədər işləməyi, fədakarlıqlar etməyi, zəhmət çəkməyi də arzulayırıqmı?

Elon Musk sizi, arzularınızı reallaşdırmaq üçün işləmək istəyinizi, bu istəyinizin şiddətini sorğulasaydı, imtahan etsəydi 100 üzərindən neçə alardınız sizcə?


Bənzər Yazılar:

Advertisements

4 comments

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s