Çox məşhur bir deyim var. Hansı ki, tez-tez uğursuzluqlarımızın səbəbini tapmaq üçün ən ideal metod olaraq təklif olunur. O da budur ki, bir problem varsa, güzgüyə bax, səbəbkarı orada görəcəksən. Bu doğru olmaqla yanaşı bir çox hallarda da təhlükəlidir. Çünki bu tövsiyənin əsas mesajı budur ki, həyatındakı bütün mənfiliklər üçün sadəcə özünü günahlandır. Bu məsləhətin faydası olduğu kimi, təhlükəli tərəfləri də var. Səbəb isə bunu edən insanların özlərini günahlandırmaları, tənqid etmələridir.
Bir çox hallarda da bu günahlandırmalar özünü dəyərsiz hiss etməyə, bacarıqlar, istedadlar və bilik baxımından özünü digərlərindən aşağı, geridə görməyə və zamanla bir daha cəhd etməməyə səbəb olur. Yəni, israf olunmuş bir ömür çətinliklər qarşısında təslimiyyət bayrağını qaldırmış olaraq keçəcək və bitəcək.
Amma biz yanaşmamızı dəyişsək və təkrar uğursuz olmaqdan qorxmasaq, bu tələyə düşməyəcəyik. Uğursuz olanda bunun təkrarlanmaması üçün sadəcə güzgüdə gördüklərimizlə kifayətlənməyəcəyik. Yəni, əldə etdiyimiz nəticələri daha sistematik, nizamlı və soyuqqanlı bir şəkildə analiz edəcəyik. Bu analizlər zamanı isə sadəcə faktlara baxacağıq. İlk olaraq lazımlı bütün məlumatları (data) toplayıb bundan sonra səbəbin axtarışına başlayacağıq. Yəni, sadəcə özümüzü günahlandırmaqla yetinəcək qədər saf olmayacağıq.
Diqqətlə sorğulayacağıq uğursuzluğumuz…
a) yetəri qədər bilik sahibi olmamağımızdan,
b) istifadə etdiyimiz metodlardan,
c) strategiyamızdan,
d) təyin etdiyimiz son tarixin realist olmamasından,
c) enerji səviyyəmizin kifayət qədər yüksək olmamasından,
d) köhnə vərdişlərimizdən,
e) diqqətimizi idarə etməməkdən,
…və ya başqa bir və ya bir neçə səbəbdənmi oldu?
Səbəb/lər ilk ağlımıza gələnlər olmayacaq. Bunun üçün də hisslərimizin zehnimizi bulanıqlaşdırmasına icazə vermədən labaratoriyadakı bir elm adamı kimi nəticələrimiz üzərində sorğulamalar etməliyik.
Biz əgər məğlubiyyətlərimizə bu cür yanaşsaq və yenidən cəhd edib hər arzuolunmaz nəticədən sonra sadəcə özümüzü günahlandırmaqla kifayətlənməsək, daha çox vaxt alan, disiplin tələb edən, şikayətlənməyi, deyinməyi bizə qadağan edən bu metodu tətbiq etsək, o zaman daima yeni cavablar tapacağıq. Bu tapacağımız cavablar vasitəsilə də növbəti mərhələyə yüksələcəyik və bu proses davamlı olaraq təkrarlanacaq. Yəni, davamlı olaraq MÖHTƏŞƏMLİYİMİZƏ doğru səyahət halında olacağıq.
Bunun üçün də əsla güzgüdə gördüklərimizlə kifayətlənməyəcəyik. Güzgüdə görə bilmədiklərinizi tapmağa və onlar üzərində işləməyə çalışacağıq.
Edə biləcəklərimiz Edisonun dediyi kimi, gördüyümüz, şahid olduğumuz halda öz ağlımızı belə təəccübə salacaq qədər böyükdür. Bunu reallaşdıra bilmənin yolu da “ən” versiyamızın səhnəyə çıxmasıdır.
Möhtəşəmliyimizə söz haqqı verilməsi labüddür. Möhtəşəmliyimizin bizim arenaya çıxması isə sonugəlməyən bir prosesdir. Limitimiz bizə məchuldur. Əldə etmiş olduqlarımız edə biləcəklərimizlə müqayisə bilə edilməyəcək qədər cılızdır. Cılız nəticələrlə öyünmək isə hisslərinə qapılmaq, həyata bir uşaq kimi baxmaqdır.
Sizin də artıq möhtəşəmliyinizin sədasını duymaq üçün səbirsizləndiyinizi bilirəm. Bunun üçün də artıq uğursuzluqlardan qorxmayın. Güzgüdə gördüklərinizlə kifayətlənməyin. Bundan sonra hədəf güzgüdə görə bilmədiklərinizi görməkdir. Təkrar-təkrar test etmək, yoxlamaq, cəhd etməkdir. Burada da qalmamaq, bunların hər birindən öyrənməkdir.
Yanıltmac kimi olacaq, amma bunu yazmalıyam.
Çox darıxıb sizin üçün, möhtəşəm siz.
Sizcə də bu möhtəşəm görüş üçün gecikmirsinizmi?
Bənzər Yazılar:
- ZƏFƏRİN Daxilimizdəki Düşməni
- Sahəsində Ən Yaşı Olmağın və Ən Yaxşı Qalmağın Sirri: THB
- Ayaqyalın Yanan Kömürlərin Üstündə Necə Yeridim və Nə Öyrəndim?
- “SİRR” (“The Secret”) Niyə İşləmir?
- Xoşbəxtliyimizi Oğurlayan və Bizi Zəiflədən #1 Səhvimiz
- Daniel Qolemandan öyrəndiyim: güclü liderlərin 3 sirri
- Kobi Brayant və Ən Yaxşı Olmağın Sirrləri II