Warren Buffett Şəxsi Pilotuna Hədəf Seçməyi Belə Öyrətdi: 25-5 Metodu!

Diqqətimizin saysız hesabsız, bizə maraqlı gələn app-lar, oyunlar, sosial media hesablarımız,  var-dövlət gətirəcəyəni eşitdiyimiz ideyalar, start-up qurma xəyalları kimi bir çox kanallar tərəfindən ciddi hücuma məruz qaldığı modern həyatda bu mesajı diqqətlə oxumaq və təkidlə tətbiq etmək bizə ciddi bir fərqlə üstünlük qazandıracaq.

Bu günün ən çox dəyər veriləni, ən əhəmiyyətli olan resursumuz diqqətimiz, onu cəmləşdirməyi bacarmağımızdır. Bunu qoruyub düzgün istifadə edə bilsək, zəmanəmizin uğurlularından, xoşbəxtlərindən olarıq. Əks təqdirdə isə, ömrümüzü gözləri uzaqlaşan hədəflərə zillənmiş,  “kaş ki”lərlə yaşayan, həsrət çəkən Diqqət İqtisadiyyatının qurbanlarından biri kimi başa vuracağıq.

İlk olaraq bu yazıda vermək istədiyim mesajın tam anlaşılmasını təmin etmək üçün sizə iki sualım var:

1. Son bir il ərzində qarşınıza hansı hədəfləri qoyduğunuzu, hansı layihələrdə iştirak etdiyinizi və iştirak etmək istədiyiniz layihələrin neçəsində bunun alınmadığını yadınıza salın. Hansı sahələrlə maraqlanırsınız? Hansı sahəyə keçsəniz, daha çox pul qazanacağınızı və mənən də məmnun olacağınızı düşünürsünüz?

2. Bir qədər fərqli bir sual: Son 3-5 il ərzində üzərində işlədiyiniz layihə, əldə etmək istədiyiniz, çatmaq istədiyiniz bir hədəf varmı? Burada “son 3-5 il” dedikdə fasiləsiz, həftələrlə, aylarla hansısa bir ideyanı reallaşdırmaq üçün əmək sərf etdiyiniz bir dövrü nəzərdə tuturam. Bir müddət üzərində işləyib, sonra başqa işlərlə məşğul olduğunuz, təkrar başladığınız, beləcə keçirdiyiniz 3-5 illik dövrü yox (mövzu ilə bağlı daha detallı buradan oxuya bilərsiniz).

Başlayıb, fasilə vermədən, hər gün, həftələrlə, aylarla üzərində işlədiyiniz nəsə olubmu? Ondan ayrılmadan, diqqətinizin dağılmasına, diqqətinizi cəmləşdirmək (fokus/konsantrasiya) bacarığınızın pozulmasına imkan vermədən üzərində işlədiyiniz bir layihə, çatmaq arzusunda yaşadığınız hədəf, məqsəd olubmu?

Bunu bacaran adam çox azdır. Əgər bacarmısınızsa, həyatınızda bir zaman çox arzuladığınız nəyisə artıq reallaşdırmış olduğunuzu düşünürəm. Əgər bacarmamısınızsa, onda yəqin ki, hələ də fikrinizdə müxtəlif, həyacanlandırıcı xəyallarla, sizə sərvət gətirəcəyini düşündüyünüz niyyətlərlə yaşayırsınız.

Qarşıya bir hədəf qoymaq və bu hədəf naminə fasiləsiz çalışmaq, mübarizə aparmaq və müvafiq nəticə əldə edənə qədər dayanmamaq, zəfərin, qalibiyyətin gözardı edə bilməyəcəyimiz ən qədim qaydalarıdır.

Yəqin ki, “Bunun Warren Buffett-in (Uorren Baffett) pilotuna olan məsləhəti ilə əlaqəsi nədir?” deyə soruşursuz və indi bunu da açıqlayım.

Warren Buffett bir gün Stiv adlı şəxsi pilotuna deyir:

— Sənin hələ də mənimlə işləməyin, mənim işimi, üzərimə düşəni düzgün etmədiyimi göstərir. Hazırda sənin öz hədəflərini, xəyallarını izləməyin, onlar üçün işləməyin lazımdır, amma mənim yanımda işləyirsən.

Bu mövzuda kömək etmək üçün Buffett pilotuna onun həyatda etmək istədiyi ən vacib 25 şeyi yazmasını tapşırır. Sonra isə ondan siyahıdakı 25 hədəfdən daha vacib olan beşini seçməsini istəyir. Bu mərhələ tamamlanandan sonra Buffett soruşur:

— Yerdə qalan 20 hədəfi nə edəcəksən? Bunlarla bağlı planın nədir?

Stivin cavabı belə olur:

— Ən vacib 5 hədəf üzərində bütün diqqətimi və gücümü cəmləşdirəcəyəm, yerdə qalan 20 hədəflə isə bu 5 əsas hədəfimə yaxınlaşdıqdan sonra məşğul olacağam, onları da reallaşdırmaq üçün çalışacağam.

Burada Warren Buffett ciddiləşir və deyir:

— Stiv, səhv anladın, deməli sənə fikrimi izah edə bilmədim. Siyahıda dairəyə almadığın 20 hədəf “nə olursa olsun, qarşısı alınmalılar” siyahısıdır. Nə olursa olsun, əsas 5 hədəfində uğurlu olmayana qədər bunlara diqqət ayırmayacaqsan. 5 əsas hədəfinə köklənəcək, bütün diqqətinlə onlara yönələcəksən, qalan 20 hədəflə məşğul olmayacaqsan.

Yəqin ki, artıq bu yazının əsas fikrini anladınız.

İlk sətirlərdə vurğuladığım kimi ən əhəmiyyətli və üzərində təsir gücümüz olan resurslarımızdan biri diqqətimizdir, onu cəmləşdirmək bacarığımızdır. Bunu düzgün idarə edə bilsək, bundan istifadədə mümkün qədər stratejik, uzaqgörən olsaq, xəyallarımızı həyata keçirmək şansımızı da artırmış olarıq.

Bu yanaşmanı sadə bir riyazı düsturla da ifadə edə bilərik:

Az sayda hədəf üzərində uzun müddətə əsaslı surətdə cəmləşmiş, stratejik uzaqgörənliklə istifadə olunmuş diqqət = reallaşmış xəyallar

Bəlkə siz də Stiv kimi edəsiniz? Yəni reallaşdırmaq, əldə etmək istədiyiniz 25 hədəfinizin siyahısını tutun, daha sonra bunların arasından reallaşdıracağınız təqdirdə sizin üçün böyük nəticələri olacaq əsas 5 hədəfi seçin.

Bundan sonra var gücünüzlə, diqqətinizlə, diqqətinizi və gücünüzü cəmləşdirmək bacarığınızla həmin hədəflərə çatmaq üçün çalışmağa başlayın.

Unutmayın, əvvəlki yazıda da (S. Jobs bu tövsiyəni sizə versəydi nələrə “YOX” deyərdiniz?) vurğuladığım kimi, həmişə ayıq-sayıq olmaq vacibdir. Bizə maraqlı görünəcək, bizi bu ən əhəmiyyətli hədəflərdən yayındıracaq yeni və dəfələrlə qarşımıza çıxacaq imkanlara, fürsətlərə, əla ideyalara və layihələrə “YOX!” deməliyik ki, seçdiyimiz 5 hədəfə ömrümüz bitmədən çata bilək.

Dahi Nizami Gəncəvinin də dediyi kimi,

“Mahir bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan”

Bir çox fərqli sahədə nələrisə bilməkdənsə, az sayda işin “ƏN”i, superstar-ı olmağı niyə də hədəfləməyəsiniz?


Bənzər Yazılar:

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s