İşinizdə irəliləmək istəyirsinizsə, işə vaxtinda getməyin. Əsla! II

Yəqin ki, kiminsə sizi məsuliyyətsiz, qeyri-peşəkar, intizamsız kimi dəyərləndirməsini istəməzsiniz. Deyə bilərsiniz ki, başqalarının mənim haqqımda fikirləri vecimə deyil: Kim nə düşünürsə, düşünsün, nə deyirsə, desin – öz işidir.
Bu belə olsa da, bunun sizin davranışınıza təsir etdiyini artıq bilirsiniz. Siz əhəmiyyət verməyə bilərsiniz, amma bu özünü sizdən asılı olmadan göstərir. Əsla demirəm ki, başqalarının haqqımızda mütləq yaxşı düşünməsi xatirinə işləməliyik. Onda bu, insan ömrünün israfı demək olar.
Burada çox incə bir xətt var: biz əhəmiyyət verməyə bilərik, amma bu, təsirdən kənarda qalmaq da mümkün deyil.
Bu zaman etdiklərinizin əsas məqsədi digərlərinin haqqınızda yaxşı düşünməsi yox, özü özünüzə hörmət və özü özünüzə verdiyiniz dəyərdir. Güclü bir xarakter formalaşdırmaqdır.
Özümüzə hörmət etdiyimiz üçün, bu şüuraltı dəyərləndirmələrin bizim gələcəyimizə mənfi təsirinin qarşısını almaq üçün, layıq olduqlarımızı əldə etmək üçün, ətrafdakıların bizim haqqımızda mənfi qənaətlərini aradan çıxarmalıyıq. Bunu etməyin bir yolu ən azı beş dəqiqə əvvəl ofisdə olmaq vərdişini özümüzdə formalaşdırmaqdır.
Yəni, işə, əsla, vaxtında getməməliyik. Belə bir məqsədimiz olmamalıdır. Ən azı beş dəqiqə əvvəl ofisdə olmaq vərdişi olmalıdır qaydamız.
Bunu edə bilmək üçün, qeyri-adi istedad, dərin bilik və təfəkkür, fövqəltəbii güclər, beynəlxalq dərəcəli sertifikatlar və s. lazım deyil. Hər birimizin edə biləcəyi bir şeydir.
Şirkətinizi, müdirinizi, işinizi sevməyə bilərsiniz, amma, bunların bu vərdişin həyatınızda kök salıb, daha yaxşı iş tapmaq ehtimalınızı hər gün bir neçə % daha azaltmasına izacə verməyin. Bunu özünüz üçün edin. Hər formalaşdırdığımız müsbət bir vərdişin yan təsirlərinin nə dərəcədə önəmli olduğunu da bilirsiniz.
Yəni, bu sadə dəyişikliklə ətrafdakı insanların haqqınızda qənaətlərinə təsir edəcəksiniz və onların dəyişən qənaətləri isə sizin işinizin gələcək nəticələrinizə.
Özünüzü necə gördüyünüzə, özünüzə olan hörmətinizə. Yəqin ki, bütün bunların hansı nəticələr verəcəyini təxmin edirsiniz. Odur ki, bir-bir saymayacağam.
5 dəqiqədə gələcəyimizi yaxşı mənada dəyişə bilərik. Bunu niyə də etməyək axı?!
İşiniz üçün etmək istəməsiniz də, özünüz üçün edin. Gələcəyiniz üçün. Seçimlərininizin, imkanlarınızın sayını artırmaq üçün. Seçilən yox, seçən olmaq zövqünü yaşamaq üçün.

İşinizdə irəliləmək istəyirsinizsə, işə vaxtinda getməyin! Əsla!

Bir sualla başlayaq:
Mütəmadi olaraq işə gecikən insan haqqında fikriniz, hissləriniz necədir?
Bu şəxsin işində irəliləməsi (maaş artımı, vəzifədə yüksəliş), güclü bir imic yaratması mümkündürmü?

Bəs siz özünüz işə gecikdikdə günə necə başlayırsınız? Beyninizdə hansı fikirlər sürətlə cərəyan edir? Özünüzü necə hiss edirsiniz? Günə belə düşüncələr və hisslərlə başlamağı sevirsinizmi? Bu, gün ərzində məhsuldarlığınıza və rəhbərliklə münasibətinizə necə təsir göstərir?

Bu sualların cavablarını yaxşı bilirik. Məhz buna görə işə vaxtında getməyi əsla planlaşdırmamalıyıq. Hədəfimiz bu olmamalıdır.
Hədəfimiz ən azı beş dəqiqə tez artıq ofisdə, otağımızda, işə başlamış olmaq olmalıdır.
Niyə? Bunun bir neçə səbəbi var…

Birinci səbəb budur ki, biz belə vərdişi özümüzdə formalaşdırmasaq, illərlə layiq olduğumuzun azı ilə kifayətlənməyimizlə nəticələnəcək, özümüzün və başqalarının bizə olan inamını, hörmətini sarsıdacaq. Vəziyyət, dəyişmədən uzun müddət davam edərsə, o bizə ikinci “mən” olacaq. Bu andan dəyişdirməyi heç düşünməyəcəyik. Çünki belə bir insan olduğumuzu qəbul edəcək, bu səhf qənaətimizə təslim olacağıq. İcazə verəcəyik ki, həyatımızı o, idarə etsin.

Gəlin 1960-cı ilə gedək. Həmin il mənim də təhsil aldığım (2014) Berkeley Kaliforniya Universitetində professor Robert Rosental bir insanın başqasından gözlədiklərinin o insanın davranışına necə təsir etdiyi ilə maraqlanmağa və bu mövzunu araşdırmağa başlamışdı.

Bu tədqiqatda Professor Rosentalı heyran etmiş bir incəlik var idi. Biz də bunu nəzərdən qaçırmamalı və bunu xeyrimizə istifadə etməliyik. Professorun bu kəşfindən istifadə edərək, ətrafımızdakı insanların, xüsusilə də, həyatımızda önəmli olan insanların bizim haqqımızda qənaətlərini və gözləmələrini xeyrimizə dəyişəcəyik.

Bu kəşf bizim alqoritmin əsası olacaq. İşləyib hazırlayacağımız alqoritmlə gözlə görünməyən və ələ götürülə bilməyən haqqımızda mənfi qənaətlərı bir-bir sıradan çıxaracağıq. Amma bunu başqaları tərəfindən bəyənilmək, sevilmək üçün deyil, sadəcə özümüz üçün edəcəyik. Maraqlısı budur ki, biz bunu özümüz üçün etsək də, bunun kənar təsirləri olacaq – başqalarının rəğbəti, hörməti, müsbət münasibəti və s.
Kənar təsirlər sadəcə kənar təsirlərdir, mərkəzdə özümüzük, özümüzə verdiyimiz dəyər və gələcək barədə arzularımız, planlarımızdır.

Əvvəlcə professor Rosentalı heyran etmiş məqamı açıqlayacağam. Sonra isə bunu xeyrimizə dəyişməyin alqoritmini və ondan necə istifadə edəcəyimizi.
Professor Rosentalı gözləmələrin (bir insanın başqasının davranışı ilə bağlı gözləmələrinin) öz-özünü reallaşdıran bir “cadu” kimi təzahürü cəlb etmişdi.
Bunun bütün hallarda belə olacağını demək çətindir.

Lakin bizim davranışımızın formalaşmasında nəyi və necə edib etməyəcəyimizi müəyyənləşdirən ən güclü amillərdən biri, həyatımızda bizim üçün önəmli olan insanların gözləmələri (expectations) olur.

Ən başlıcası: bu bir çox hallarda şüuraltı baş verir, biz bunu heç duymuruq yəni. Bu isə yetərli səbəbdir ki, bunun üzərində düşünək, işləyək və başlı-başına buraxmayaq. Fərqində olmadığımız, amma fərqinə varıb dəyişdirə biləcəyimiz bir amilin şəxsi və professional həyatımızı iradəmizin ziddinə məhvə aparmasına niyə yol verməliyik axı?

Onda, başlayaq…
(davamı növbəti yazıda)