Sahibkarlıqla bağlı MIT-də öyrəndiyim üç əsatir.

Dünyanın ən tanınmış universitetlərindən olan MIT-də, sahibkarlıqla bağlı təhsilim zamanı mənim üçün çox yeni olan, bir çox qənaətlərimin, inanclarımın və yanaşmalarımın əksinə olan metodlar, yanaşmalar, fikirlər, strategiyalar oldu.

Mümkün qədər qısa olmağa çalışdım izahlarda. Anlaşılmayan nüanslar olarsa emaillə suallarınızı yaza bilərsiniz.

Bunlardan ən faydalı olacağını düşündüklərimi sizinlə paylaşmağa qərar verdim. Bloqu oxuyan və sosial mediada məni izləyənlərin böyük əksəriyyətinin şəxsi bizneslərini başlamaq kimi hədəfləri, niyyətləri olduğunu bilirəm. Bunun üçün də, bir növ faydalı olmaq, mövzunun daha yaxşı anlaşılmasına kömək etmək, və sizin hər birinizin uğurlu olmaq ehtimalını artırmaq üçün bu bilikləri, dünya səviyyəli elm və təhsil ocağının ən məşhur kurslarından birindən öyrəndiklərimi sizinlə paylaşıram.

Başlayaq.

Yəqin ki, sizə də, tanışdır bir vaxtlar qızğın müzakirələr gedirdi ki, bəs, “lider doğulur, yoxsa lider olunur.” İndi buna bənzər müzakirələr sahibkarlıqla bağlı müzakirə olunur kitablar, konfranslar, araşdırmalar və.s vastəsilə. Bu üç əsatir ən çox müzakirə olunan, və yanlış anlaşılanlar sırasındadır və bunun üçün mən də, məhz bunları seçdim paylaşmaq üçün.

1-ci əsatir: Şirkətlərin, bizneslərin əsasını fərdlər qoyur.

Sadəcə bir nəfər. Yəni sahibkar. Sahibkar bir tənha qəhramandır. Məsələni diqqətlə təhlil edənlər isə bunun tam əksini deyir: işlərin əsasını komandalar qoyur. Komanda böyük (və) peşəkarlardan ibarət olduqca onun uğur ehtimalı da bir o qədər böyük olur.

2-ci əsatir: Bütün sahibkarlar xüsusi bir vergiyə, xarizmaya malikdirlər.

Məhz bu, uğurun açarıdır. Bəzi hallarda xarizmanın önəmli rol oynamasına baxmayaraq, uğurun açarı tamam fərqli xüsusiyyətlər və bacarıqlardır. İşin lap əvvəlində həmtəsisciləri və digər komanda üzvlərini müəyyənləşdirmək və cəlb etmək bacarığı xarizmadan daha üstündür. Sahibkarlar, xarizmatik olmaqdansa, yüksək ünsiyyətcilliklə danışıqlar aparmağı bacarması, işçi seçimində xeyli məharətli və satışda çox əla bacarıqlara olması daha vacibdir. Saydığımız keyfiyyətlər və bacarıqlar sahibkarın başladığı işdə uğurlu olmaq ehtimalına xarizmadan daha çox təsir edir, daha əhəmiyyətli rol oynayır.

3-ci əsatir: Sahibkarlıq irsi olaraq, yəni genlərlə ötürülən xüsusiyyətdir.

Bu yanlış yanaşmaya görə insan ya sahibkar doğulur, ya da yox. Bəzi insanlar dünyaya irsən biznes qurmaq, şirkətlər yaratmaq üçün genetik kodlanmış gəlirlər. Əslində isə sahibkarlıq öyrənilə və öyrədilə bilən bir şeydir. Yəni sahibkarlıqda bəzi xüsussiyyətlər daha faydalı olsa da, burada uğurlu olmaq üçün tələb olunan bilik və bacarıqlar fövqəltəbii deyildir – çox əla öyrədilə bilən bilik və bacarıqlardır.

Əgər sizdə şəxsi biznesinizi başlamaq kimi bir fikir varsa, onda buna yarayıb yaramadığınız üzərində heç düşünməyin. Əgər uğurlu olmaq isdəyirsinzsə, öz biznesinizi başlamaq və bununla məşğul olmaq isdəyirsinizsə, onda əmin olun ki, bunu edə bilmək üçün tələb olunan bilik və bacarıqları yaxşıca öyrənə bilərsiniz. Hətta bunda ustalaşa və başqalarına nümunə ola bilərsiniz. Hətta, karizmatik biri kimi, görməyə bilərsiniz də, özünüzü, bu zaman da, ikinci mifi xatırlayın və tam rahatlıqla əmin olun ki, karizmə ciddi bir təyinedici faktor deyil və olmayacaqdır. Əsl xarizma arzuladığın bir həyatı yaratmaq, xəyalındakı bir işi başlamaq və bunda uğurlu olmaq deyilmi, məgər?

Sahibkarlığın digər cəhətləri ilə bağlı növbəti yazılarda sizinlə yenə görüşəcəyəm. Və həmin yazılarda, əsasən MIT-də təhsil aldığım zaman öyrəndiklərimdən ən çox bəyəndiklərimi paylaşacağam.Növbəti yazıda görüşənə qədər.

İndi isə bu yanlış təsəvvürləri, əsatirləri rədd edin.

Birdəfəlik!

Və biznesinizə başlayın…

Advertisements