Əvvəla bunu deyim ki, bu yazını sadəcə oxumayın! Əgər oxuduqlarınız üstünə düşünəcəyinizə söz vermirsinizsə, oxumağa heç başlamayın!
Bunları nəyə görə deyirəm?
Çünki bu yazıda paylaşacağım məsləhətlər, metodlar, alətlər çox-çox dəyərlidir.
Bu məsləhətlər təxminən 400 ildir həll edilə bilməyən bir teoremi – Böyük Ferma Teoremi (Fermat’s Last Theorem) – 7 ildə həll edən dünyanın son əsrdəki ən dahi riyaziyyatçısı Endryu Uayls (Andrew Wiles) tərəfindən verilmişdir.
Uaylsın bu uğurunun və yaxud bu səviyyədə uğurlu olmağının sirri nədir sualına verdiyi cavab budur: “İlişib Qalmaq”
Prosesi belə izah edir: “Problem haqqında hər şeyi – bu problem üzərində edilmiş bütün işləri, bu probelmi həll etmək üçün tətbiq edilmiş bütün metodları, yanaşmaları, yazılmış, deyilmiş, danışlımış hər şeyi – toplayırsan, öyrənirsən, zehninə hopdurursan. Problem haqqında uzun müddət, dərinləməsinə, ətraflı bir şəkildə düşünürsən. Lakin, bütün bunlar kifayət etmir və İLİŞİB QALIRSAN. Bu olduğu zaman durmalısan, dayanmalısan, problemdən fasilə götürməlisən. İcazə verməlisən ki, beynin istirahət etsin. Bu arada da şüuraltın əlaqələr qurmağa davam edir və sən sabah, növbəti həftə yenidən başlayırsan.”
Bu yazılanları qısa bir şəkildə izah etməyə çalışsaq, sirr budur ki, əsas olan qətiyyətli olmaq, uzun müddətli fokuslanmış, köklənmək, fikrini məqsədyönlü olaraq çox dar bir problem üzərində cəmləmiş halda məsələ üzərində işləməkdir. İşlər çətinləşdiyi zaman, beynimiz azca yorulan kimi, “mesajlar, Facebook, Instagram, email, xəbərlər” deyə qışqırıb diqqətimizi daha asan, daha maraqlı olanlara yönləndirmək istədiyi zaman, bu təhriklərə, maraqlı, əyləncəli, həyacanlı təkliflərə yox deyib, qətiyyət, səbat göstərib, fikrini cəmləmiş halda problem üzərində işləməyə davam etməkdir.
Uayls bunlardan əlavə olaraq başqa bir faktorun da uğurlu olmaqda böyük əhəmiyyəti olduğunu deyir. O da sonda alınacaq mükafatdır. Bu mükafatın hiss etdirəcəkləri, yaşadacağı hisslər. (Bunu Viktor Vrumun Gözlənti Nəzəriyyəsi (Expectancy Theory) də çox gözəl izah edir. Sonunda mükafat olan bir iş bizim motivasiyamızı ciddi mənada artırır.)
Professorun hər halda təvazökarlığından başqa vurğulamadığı çox əhəmiyyətlili bir nüansı da vurğulayacağam.
Düşünün, professorunun üzərində işlədiyi problemdə uğursuz olma ehtimalı nə qədər idi?
Təsəvvür edin, 400 il, demək olar ki, yarım era necə dahi insanlar, sahənizin özünüzə nümunə kimi götürdüyünüz neçə-neçə ən böyük mütəxəssisləri, ustadları, duayenləri dəfələrlə bu problemi həll etməyə çalışdı, amma uğursuz oldular. Bir daha yazıram – DÖRT YÜZ İL.
Siz olsaydınız, yarım era ərzində həlli tapılmayan bir problemi həll etmək üçün yeddi il sərf etmək bir yana, heç bu yolda ilk addımı atmağa cəsarət edərdinizmi? Başlayardınızmı? Barmağınızı oynadardınızmı bu istiqamətdə?
İndi öz xəyalınız nədirsə, onu düşünün, çoxmu çətin gəlir? Neçə ildir, gündə neçə saat işləmisiniz bu xəyalınızı reallaşdlırmaq üçün? Gündə neçə saat və bu saatların neçə faizini, tam fikrinizi cəmlənmiş, köklənmiş, fokuslanmış halda o iş üzərində keçirdiniz?
Bu suallara verəcəyiniz səmimi, dürüst cavablar niyə hələ də istədiyiniz səviyyədə olmadığınızı, niyə istədiyiniz sürətlə hədəfinizə doğru irəliləmədiyinizi, problemlərinizin, əksiklərinizin harada və nələr olduğunu göstərəcək.
Bundan sonra bu cavablarınıza baxıb lazımı dəyişiklikləri etsəniz və bu cür davam etsəniz, nəhəng xəyallarını reallaşdırmış az saydakı lider, öndər, dahi şəxsiyyətlərdən biri olacaqsınız, əks halda isə sadəcə xəyallarından DANIŞAN, Facebook-da pafoslu postlar paylaşan çox saydakı insanlardan biri olacaqsınız.
Seçiminizi edin!
Seçiminizə görə nəticəyə də razı olun!
Deyinmək, döyünmək, gileylənmək heç bir fayda vermir.
Uşaq deyilik, buna görə də seçimlərimizin məsuliyyətini üzərimizə almalı və gözlədiyimizdən çox daha zəif + az + əksik olan nəticələrimiz gözümüzün içinə baxdığı zaman günahlandırmaq, arxasınca deyinmək üçün heç kimi və heç nəyi axtarmamalı, suçlunu, günahkarı tapacağımız yerin qarşısında durub baxacağımız güzgü olduğunu xatırlamalıyıq...
Əks halda sadəcə bir nəfəri aldadacağıq. Yəni, özümüzü.
Uğursuz, çox danışan, saysız hesabsız, böyük xəyalları olan siyasətimizi, iqtisadiyyatımızı, millətimizi, məhəlləmizdəki insanları bəyənməyən boşboğazlardan biri olacağıq.
Bir dəqiqə, bəlkə də bütün bunların hamısı ilə razısınız, amma sadəcə sizin bir probleminiz var: siz doğuşdan fərqlisiniz, qavrama, anlama, konsantrasiya olma probleminiz var, hətta məktəb illərində də digər uşaqlardan daha zəif idiniz?
Sizə o zaman professordan çox vacib bir xəbərim var. Sizә ümid verәcәk, inamınızı artıracaq vә tәdbiq etsәniz, hәyatınızı dәyişәcәk bir xəbər.
Davamı növbәti yazıda…
Bənzər Yazılar:
- Özgüvəni (DƏRHAL) Gücləndirmənin 3 Əsas Metodu
- Maria Şarapovanın uşaqlıqdan gələn çempionluq sirri
- Kobi Brayant və Ən Yaxşı Olmanın Sirrləri I
- Daniel Qolemandan öyrəndiyim: güclü liderlərin 3 sirri
- Dünyanı dəyişdirmək və milyarder olmaq istəyən sahibkarlara iki sual
- Brian Tracy-dən öyrəndiyim SuperGüclü 3 Metod II
Davamını paylaşmısız?
LikeLike
Paylaşmışam bəli. Budur linki də, Arzu https://ismayilvaliyev.com/2017/11/30/400-ildir-həll-edilə-bilməyən-teoremin-cavabini-tapan-oxfordlu-professor-ugurun-sirrini-aciqlayir-ii/
LikeLike