Brian Tracy-dən öyrəndiyim SuperGüclü 3 Metod II.

3. Planlaşdırılmış Geniş Zaman Dilimləri.
Yuxarıdakı iki metoddan – əgər bu üçüncünü etməsək – çox da faydalana bilməyəcəyik. Çünki, həm pürdiqqət işləmək üçün, həm də bir anda sadəcə bir işlə məşğul olmaq üçün kifayət qədər bu işlərə vaxt ayırmaq lazımdır.
Diqqətimizi dağıdan bir çox faktorlar var və onlar haqqında əvvəlki yazıda danışmışdıq. Biz bu diqqət dağıdan faktorları aradan qaldıra, onlara qarşı mübarizədə qalib gələ bilərik. Lakin vacib, əhəmiyyətli bir çox işlərimiz bizdən sadəcə 10-15- 20 dəqiqə yox, daha çox vaxt tələb edəcək. Çünki üzərində işlədiyimiz bəzi işlərə sadəcə tam köklənə (fokuslana) bilmək və zehnimizin o işə isinməsi üçün üçün elə ən azı 10-15 dəqiqə vaxt lazım olur.

Biz maksimum məhsuldarlıq və işi keyfiyyətli, eyni zamanda tez bir şəkildə bitirə bilmək üçün beynimiz yorulsa, bizə sıxıcı gəlsə belə, 15 dəqiqə sonra fasilə almağı deyil, davam etməyi hədəfləməliyik. Qətiyyət göstərib o işlə o qədər bir olmalıyıq ki, bir növ zaman və məkan məfhumundan uzaqlaşaq və özümüzü o işdə itirək. Sultan Fatihin bu deyimindəki, qətiyyət, güc, sevda, və ölümünə adanmışlıqla o işə başlayacaq, o cür toxunacaq, o keyfiyyətdə işləyəcəyik. Bunu dərhal, indi bacarmasaq da, ki bu normaldır, buna yaxınlaşmaq hədəfimiz olacaqdır daima. 

fatih
Bir neçə saniyəliyinə dayanın və oxumağa davam etmədən düşünün!          Ən son nə vaxt, hansı vacib iş, tapşırıq, probleminiz üzərində fasilə vermədən, aralıqsız, başqa heç bir şeylə məşğul olmadan, tam köklənmiş (fokuslanmış) halda, pürdiqqət işlədiniz?

Bu sualı ətrafımdakı insanlardan soruşmaq bir növ mənim hobbim olub. Şişirtmədən deyə bilərəm ki, rahatlıqla gün və ya tarix göstərərək bu suala cavab verən çox az insan var.
Çünki diqqət iqtisadiyyatı dövründə yaşayırıq və hər kəs laptopumuz, telefonumuz vasitəsiylə diqqətimiz üzərində saysız-hesabsız oyunlar oynayır. Sırf diqqətimizi onlara, onların məhsuluna, xidmətlərinə yönəldə bilmək üçün. Bütün bunlar bizdə hazırda vərdişlər formalaşdırıb və formalaşdırmağa da davam edir.
O vərdişlər ki, artıq bizim üçün 10 dəqiqə telefonumuzu yoxlamadan keçirtmək dəhşətli bir müşkül halına gəlib.
Gəlin indi birlikdə bir addım geriyə gedək və bütöv rəsmə baxaq.

1. Bir tərəfdə o böyük xəyalınız var. Çatmaq, əldə etmək, reallaşdırmaq istəyirsiniz.
2. Xəyalını qurduğunuz bu zəfəri yaşamaq üçün də etməli olduğunuz işlər var. Hansı ki, sizdən saatlarla oturub bütün gücünüzlə, qüvvətinizlə işləməyinizi tələb edir. Digər tərəfdə isə, telefonunuz var, sosial media hesablarınız var və ən əsası, hər yoxladığınızda tapacağınız yeniliklər. Hansı ki, beynimizin ən çox sevdiyi şeydir bunlar. Faydalıdır demirəm, sadəcə sevdiyi.
3. Və nəhayət ən xoş xəbər: sizin edə biləcəkləriniz var. Yəni, gündə ən azı bir "geniş zaman dilimi" ayırıb, bu ayırdığınız vaxt ərzində ən vacib işinizdən başqa heç nəyə diqqətinizi sərf etməmək  qərarını vermək və bunu etmək.
Əlbəttə daha yaxşı olar ki, bir dəfə yox, daha çox olsun. Ancaq heç yoxdansa bir dəfə belə olsa, olması çox böyük uğurdur. Əsas odu ki, az da olsa, davamlı olsun, bir vərdiş, həyat tərzi halına gəlsin.

Atalarımız nə deyib?  “Dama-dama göl olar.”

Uğurlar!

Advertisements

Brian Tracy-dən öyrəndiyim SuperGüclü 3 Metod I

Çox xoşuma gələn bir deyim var:

“Bütün biznes bacarıqları öyrənilə biləcək bacarıqlardır.”

Aşağıda sizinlə paylaşacağım Brain Tracy-dən öyrəndiyim üç metod da, istəyən hər kəs tərəfindən mənimsənilə biləcək üç möhtəşəm bacarıqlardır.Xüsusilə də, məhsuldarlıq, icraat və önəmli layihələri tez bir zamanda bitirmə baxımından.

1. Bir anda sadəcə bir işlə məşğul olmaq.

Saysız hesabsız araşdırmalar təkrar-təkrar bir anda bir neçə işlə məşğul olmağın, beynimizin işləmə sürətini, performanısını nə dərəcədə mənfi təsir etdiyini sübut edibdir. Hətta, bu cür işləmənin, bir anda bir neçə işlə məşğul olmağın IQ səviyyəmizi də düşürdüyünü (10-15 bal) iddia edən araşdırmalar var.

Beynimiz ən mükəmməl işini bir anda bir neçə işlə məşğul olarkən deyil, sadəcə tək bir iş üzərində məşğulkən görə bilir. Sadəcə bu halda bir növ özünü, sözün əsl mənasında nələr edə biləcəyini göstərir.

Özünü məşğul, işi çox kimi göstərmək istəyən insanlar adətən bunu sevirlər və çox iş gördüklərini iddia edirlər. Bu insanlar bəzən bu yolla özlərinə və digərlərinə, çox önəmli bir insanlarmış imici vermək istəyirlər. Ən acınacaqlı olansa buna özlərinin də inanmasıdır.

Qarşımıza qoyduğumuz hədəflərimizi reallaşdırmaq üçün verəcəyimiz ən vacib qərarlardan biri məşğul deyil, məhsuldar olmaqda maraqlı olma qərarıdır. Performansımızı dəyərləndirirkən əsas ölçü meyarımız gün ərzində neçə saat işlədiyimiz, nə qədər iş gördüyümüz, bitirdiyimiz deyil, neçə önəmli işi başlayıb bitirdiyimiz olacaqdır.

Əhəmiyyətli olan gün ərzində neçə vacib, keyfiyyətli iş bitirdiyimizdir, sayca çox olan önəmsiz işlər deyil. Heç bir önəmi yoxdur, bu gün yemək yeməyə, çay içməyə vaxt tapa bilməyəcək qədər məşğul olmuş olmağınızın, əgər axırda baxdığınız zaman bitirmiş olduğunuz işlər ən vacib hədəflərinizə doğru sizi yaxınlaşdırmayıbdırsa.

Bir gün ərzində 15-20 çox da vacib olmyan işlər bitirməkdənsə, bizi ən nəhəng hədəflərimizə doğru aparacaq 2-3 işi bitirmək daha böyük uğurdur.

Hər birimizin razılaşacağı bir həqiqət var, o da budur ki, üzərində işlədiyimiz işin nəticəsini böyük ölçüdə o işə nə dərəcədə intensiv, qırılmayan diqqət yetirdiyimizdir.
Diqqətimizi də bölən, parçalayan və bizə bu zərəri verərkən bizə özümüzü vacib və yaxşı hiss etdirən bir anda bir neçə işlə məşğul olmaqdır.

Yəni elektron poçt yazarkən, telefonda gələn zəngə də cavab verməyə çalışmaq, eyni zamanda gələn mesaja da gözucu baxmaq, daha sonra aldığın hansısa elektron poçt yoxlamaq, hər 10-15 dəqiqədə bir mesajları, sosial media hesablarını yoxlamaq. Qısacası, fasiləsiz olaraq bir işdən digər başqa birinə keçmək performansımızı iflic etməyin, vacib işləri heç cürə bitirə bilməməyin ən təminatlı yoludur.

Biz bunları edərkən bu işlərin hər birində diqqətimizin bir parçası, hissəsi qalır, növbəti başladığımız heç bir işlə pürdiqqət məşğul ola bilmirik və nəticə də buna paralel, uyğun olur.
2. Təcililik Hissi.

İkinci metod isə təcililik hissidir. Daima daha sürətli olmağa, yüksək tempdə işləməyə özünü alışdırmaq, başladığımız işləri bitirməyin olmazsa-olmazlarındandır. Sürətli olduğumuz zaman (səbəbini, elmi açıqlamasını, izahını bilmirəm, amma) beynimiz də daha yaxşı işləyir. Beynimizin performansı ən pik həddə olur. Bunun hərhalda iki səbəbi var.

Birincisi budur ki, biz özümüzü necə hiss ediriksə, davranışlarımız, seçim və qərarlarımız ona uyğun olur. Bunun əksi də doğrudur. Bu qayda beynini, emosional, psixoloji vəziyyətini “hack”-lamaq və daha fərqli hiss etmək istəyənlər üçün də əla bir metoddur. Necə ki, özümüzü necə hiss etdiyimiz hərəkətlərimizi istiqamətləndirirsə, hərkətlərimiz də təcrübə etdiyimiz, yaşadığımız hisslərin necəliyini təyin edirlər.

Mövzumuzla əlaqəli olduğu üçün özünüz bu paylaşacağımı yoxlaya bilərsiniz. Misal üçün, əgər etməli olduğunuz, etməyə qərar verdiyiniz işi, o işi etmə vaxtı gəldiyi zaman özünüzü yorğun, tənbəl, halsız hiss edirsinizsə, o zaman sadəcə bir az daha sürətli hərəkət edin. Bu daha dinamik hərəkət halında o işlə məşğul olmağa davam edin və görəcəksiniz ki, doğurdan da dərhal fərq hiss olunur.

İkinci önəmli səbəbi də jest və mimiklərimizin, bədən dilimizin, hətta aktiv olan üz əzələlərimizin belə əhval-ruhiyyəmiz üzərində ciddi təsiri var və bu da dərhal özümüzü necə hiss etdiyimizi dəyişdirir. Bu mövzuda Harvard Business School-un professsoru araşdırmasına (https://www.ted.com/talks/amy_cuddy_your_body_language_shapes_who_you_are?language=tr) da baxa bilərsiniz, daha ətraflı öyrənmək isdəyirsinizsə. İki halda özünüzü təsəvvür edin, bezgin, yorğun, yavaş-yavaş hərəkət etdiyiniz hallarda bədən diliniz nə siqnal verir? Üz əzələlərinizdən hansılar daha aktiv olur? Mimiklərinizlə, jestlərəinizlə hansı hissləri yaratmış olursunuz, ətrafa hansı mesajı vermiş olursunuz? Cavabı bildiniz…

Bunun üçün də icazə verməməliyik ki, bəlli bir andakı bədənimizdən, zehnimizdən aldığımız siqnallar bizə nə edib-etməyəcəyimizə dair diktə etsin, bizi istiqamətləndirsin.

Bunlarla yanaşı iki vacib nüansı da mütləq paylaşmaq isdəyirəm. Biri düşünmə ilə hərəkət, gözləmək ilə başlamaq arasındakı incə xəttdir.

Bilirsiniz ki, yetərli qədər düşünmədən başladığımız, tələsdiyimiz işlər nəticəsində məyusedici nəticələr alırıq. Ancaq hərəkət etmə nöqtəsinə gəldiyimizdə icraata başlamayıb, yenə də düşünməyə davam etmək də bizim icraat, işləri başlama və bitirmə bacarığımızı bir növ iflic edir.

Bu tələyə düşməmək üçün, nə qədər düşünüb, nə vaxt hərəkətə keçmək lazımdır sualının dəqiq konkret bir cavabı yoxdur və məhz bunun üçün də çox çətindir. Hərhalda bu təcrübə yolu ilə öyrənilə və ya biraz daha yaxşı səviyyəyə gəlinə biləcək bir bacarıqdır. Bunu siz özünüz öyrənməlisiniz. Ancaq düşünürəm ki, sadəcə oturub düşünməkdənsə, hərəkət keçmək, hətta uğursuz olmaq daha yaxşdır. Çünki, a) nə isə etmiş olursan və bu bizim icraat baxımından özümüzə inamağımıza yaxşı təsir edir, b) uğursuz olsan belə, çox əla məlumat toplamış olursan ki, istifadə etdiyin təqdirdə növbəti dəfə daha yaxşı qərarvermə üçün çox faydası olacaqdır.

Bir reallıq: əgər yetərli qədər istirahət etmiriksə, beynimizi və bədənimizi gərgin iş tempindən fasiləyə çıxarmır, dinləndirmir, onların qeydinə qalmırıqsa, o zaman bu yuxarıdakı metodlar bəlli bir yerdən sonra işə yaramayacaq. Bunun üçün də, özümüzdən tələblərimiz çox yüksək olması ilə yanaşı, özümüzün çox əla qeydinə qalmağı da unutmamalıyıq ki, yarı yolda qalmayaq.

Indi isə yuxarıdakı iki metodu ən əla şəkildə edə bilməyimizi təmin edəcək, bunlardan maksimum faydalanmağımıza ən çox kömək edəcək olan faktoru, yəni üçüncü metodu öyrənək.

Davamı növbəti yazıda…