Brian Tracy-dən Öyrəndiyim SuperGüclü 3 Metod (I)

Çox xoşuma gələn bir deyim var:

“Bütün biznes bacarıqları öyrənilə biləcək bacarıqlardır.”

Aşağıda sizinlə paylaşacağım Brain Tracy-dən öyrəndiyim üç metod da istəyən hər kəs tərəfindən mənimsənilə biləcək üç möhtəşəm bacarıqdır. Xüsusilə də, məhsuldarlıq, icraat və əhəmiyyətli layihələri tez bir zamanda bitirmək baxımından.

  1. Eyni Anda Sadəcə Bir İşlə Məşğul Olmaq

Saysız hesabsız araşdırmalar təkrar-təkrar eyni anda bir neçə işlə məşğul olmağın beynimizin işləmə sürətinə, performanısına nə dərəcədə mənfi təsir etdiyini sübut edir. Hətta, bu cür işləməyin, bir anda bir neçə işlə məşğul olmağın IQ səviyyəmizi də düşürdüyünü (10-15 bal) iddia edən araşdırmalar var.

Beynimiz ən mükəmməl işini eyni anda bir neçə işlə məşğul olarkən deyil, sadəcə tək bir iş ilə məşğulkən görə bilir. Sadəcə bu halda bir növ özünü, sözün əsl mənasında nələr edə biləcəyini göstərir.

Özünü məşğul, işi çox kimi göstərmək istəyən insanlar adətən bunu sevirlər və çox iş gördüklərini iddia edirlər. Haqqında danışdığımız insanlar bəzən bu yolla özlərinə və digərlərinə çox əhəmiyyətli bir insan olduqları siqnalını vermək istəyirlər. Ən acınacaqlı olansa, buna bəzən özlərinin də inanmasıdır.

Qarşımıza qoyduğumuz hədəflərimizi reallaşdırmaq üçün verəcəyimiz ən vacib qərarlardan biri məşğul deyil, məhsuldar olmaqda maraqlı olma qərarıdır. Performansımızı dəyərləndirərkən əsas ölçü meyarımız gün ərzində neçə saat işlədiyimiz, nə qədər iş gördüyümüz, bitirdiyimiz deyil, neçə önəmli işi başlayıb bitirdiyimiz olacaqdır.

Əhəmiyyətli olan gün ərzində neçə vacib, keyfiyyətli iş bitirdiyimizdir, sayca çox olan əhəmiyyətsiz işlər deyil. Heç bir əhəmiyyəti yoxdur, bu gün yemək yeməyə, çay içməyə vaxt tapa bilməyəcək qədər məşğul olmuş olmağınızın, əgər axırda baxdığınız zaman bitirmiş olduğunuz işlər sizi ən vacib hədəflərinizə doğru yaxınlaşdırmayıbsa.

Bir gün ərzində 15-20 çox da vacib olmyan işlər bitirməkdənsə, bizi ən nəhəng hədəflərimizə doğru aparacaq 2-3 işi bitirmək daha böyük uğurdur.

Hər birimizin razılaşacağı bir həqiqət var, o da budur ki, üzərində işlədiyimiz işin nəticəsini böyük ölçüdə o işə nə dərəcədə intensiv, qırılmayan diqqət yetirdiyimiz müəyyən edəcək.

Diqqətimizi də bölən, parçalayan və bizə bu zərəri verərkən bizə özümüzü vacib və yaxşı hiss etdirən eyni anda bir neçə işlə məşğul olmaqdır.

Yəni elektron poçt yazarkən, telefonda gələn zəngə də cavab verməyə çalışmaq, eyni zamanda gələn mesaja da gözucu baxmaq, daha sonra aldığın hansısa elektron poçtu yoxlamaq, hər 10-15 dəqiqədə bir mesajları, sosial media hesablarını yoxlamaq. Qısası, fasiləsiz olaraq bir işdən digərinə keçmək performansımızı iflic etməyin, vacib işləri heç cürə bitirə bilməməyin ən təminatlı yoludur.

Biz bunları edərkən bu işlərin hər birində diqqətimizin bir parçası, hissəsi qalır, növbəti başladığımız heç bir işlə pürdiqqət məşğul ola bilmirik və nəticə də buna paralel, uyğun olur.

  1. Təcililik Hissi

İkinci metod isə təcililik hissidir. Daima özümüzü daha sürətli olmağa, yüksək tempdə işləməyə alışdırmaq başladığımız işləri bitirməyin ən vacib şərtlərindəndir. Sürətli olduğumuz zaman (səbəbini, elmi açıqlamasını, izahını bilmirəm, amma) beynimiz də daha yaxşı işləyir. Beynimizin performansı ən pik həddə olur. Bunun hər halda iki səbəbi var:

Birincisi budur ki, biz özümüzü necə hiss ediriksə, davranışlarımız, seçim və qərarlarımız da ona uyğun olur. Bunun əksi də doğrudur. Bu qayda beynini, emosional, psixoloji vəziyyətini “hack”-lamaq və daha fərqli hiss etmək istəyənlər üçün də əla bir metoddur. Necə ki, özümüzü necə hiss etdiyimiz hərəkətlərimizi istiqamətləndirir, hərkətlərimiz də təcrübə etdiyimiz, yaşadığımız hisslərin necəliyini təyin edirlər.

Mövzumuzla əlaqəli olduğu üçün bu paylaşacağımı özünüz də yoxlaya bilərsiniz. Misal üçün, əgər etməli olduğunuz, etməyə qərar verdiyiniz işi, o işi etmək vaxtı gəldiyi zaman özünüzü yorğun, tənbəl, halsız hiss edirsinizsə, o zaman sadəcə bir az daha sürətli hərəkət edin. Bu daha dinamik hərəkət halında o işlə məşğul olmağa davam edin və görəcəksiniz ki, doğurdan da fərq hiss olunur.

İkinci əhəmiyyətli səbəbi də jest və mimiklərimizin, bədən dilimizin, hətta aktiv olan üz əzələlərimizin belə əhval-ruhiyyəmiz üzərində ciddi təsirinin olmasıdır və bu da dərhal özümüzü necə hiss etdiyimizi dəyişdirir. Bu mövzuda daha ətraflı öyrənmək isdəyirsinizsə, Harvard Business School-un professsorunun araşdırmasına da baxa bilərsiniz.

İki halda da özünüzü təsəvvür edin, bezgin, yorğun, yavaş-yavaş hərəkət etdiyiniz hallarda bədən diliniz nə siqnal verir? Üz əzələlərinizdən hansılar daha aktiv olur? Mimiklərinizlə, jestlərəinizlə hansı hissləri yaratmış olursunuz, ətrafa hansı mesajı vermiş olursunuz? Cavabı bildiniz…

Bunun üçün də icazə verməməliyik ki, bəlli bir andakı bədənimizdən, zehnimizdən aldığımız siqnallar bizə nə edib-etməyəcəyimizə dair diktə etsin, bizi istiqamətləndirsin.

Bunlarla yanaşı iki vacib nüansı da mütləq paylaşmaq istəyirəm. Biri düşünmə ilə hərəkət, gözləmək ilə başlamaq arasındakı incə xəttdir.

Bilirsiniz ki, kifayət qədər düşünmədən başladığımız, tələsdiyimiz işlərin axırında məyusedici nəticələr alırıq. Ancaq hərəkət etmə nöqtəsinə gəldiyimizdə icraata başlamayıb, yenə də düşünməyə davam etmək də bizim icraat, işləri başlama və bitirmə bacarığımızı bir növ iflic edir.

Bu tələyə düşməmək üçün “nə qədər düşünüb, nə vaxt hərəkətə keçmək lazımdır” sualının dəqiq, konkret bir cavabı yoxdur və məhz bunun üçün də çox çətindir. Hər halda bu təcrübə yolu ilə öyrənilə və ya bir az daha yaxşı səviyyəyə gəlinə biləcək bir bacarıqdır. Bunu siz özünüz öyrənməlisiniz. Ancaq düşünürəm ki, sadəcə oturub düşünməkdənsə, hərəkət keçmək, hətta uğursuz olmaq daha yaxşdır. Çünki, a) nə isə etmiş olursan və bu bizim icraat baxımından özümüzə inanmağımıza yaxşı təsir edir, b) uğursuz olsan belə, çox əla məlumat toplamış olursan ki, istifadə etdiyin təqdirdə növbəti dəfə daha yaxşı qərarvermə üçün çox faydası olacaqdır.

Bir reallıq: Əgər kifayət qədər istirahət etmiriksə, beynimizi və bədənimizi gərgin iş tempindən fasiləyə çıxarmır, dincəltmir, onların qeydinə qalmırıqsa, o zaman bu yuxarıdakı metodlar bəlli bir yerdən sonra işə yaramayacaq. Bunun üçün də özümüzdən tələblərimiz çox yüksək olması ilə yanaşı, özümüzün çox əla qeydinə qalmağı da unutmamalıyıq ki, yarı yolda qalmayaq.

İndi isə yuxarıdakı iki metodu ən əla şəkildə edə bilməyimizi təmin edəcək, bunlardan maksimum faydalanmağımıza ən çox kömək edəcək olan faktoru, yəni üçüncü metodu öyrənək…

Davamı növbəti yazıda…


Bənzər Yazılar:

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s