“SİRR” (“The Secret”) Niyə İşləmir?

Ronda Byörnün (Rhonda Byrne) “Sirr” (“The Secret”) kitabı milyonlarla satıldı və çox uğurlu bir kitab hesab olundu. Kitab ilk çıxdığı vaxt mən də birinci fürsətdə alıb oxumuş və inanmışdım. Hətta səhv etmirəmsə, bir dəfə ilə də kifayətlənməyib kitabı iki dəfə oxumuşdum. Orada yazılanlara əməl etməyə, həyatıma tətbiq etməyə də çalışmışdım. Ancaq bilmirəm nədənsə, o vədlərin çoxu heç reallaşmadı. Yüzminlərlə digər insanlarda olduğu kimi.

Kitab haqqında yazmağımın ən əsas səbəb kouçinq proqramlarımda iştirak edən insanların böyük əksəriyyətinin də bu yanaşmaya, bu kitaba və bu kitabın verdiyi mesajlara inanmasıdır. Bununla da qalmayıb, kitabda deyilənləri edib, hədəflərinə çatmağı gözləmələridir. “Sirr” kitabı və Ronda Byörn bu baxımdan yalnız deyil. Həm Azərbaycanda, həm də dünyanın digər yerlərində bu və buna bənzər mesajlar verən çox sayda ekspert, kouç, təlimçi və yazar var. “Sirr”in işləməməsinin bir çox səbəbi var. Mən sadəcə bunlardan birinə – fikrimcə ən vacib olanına – toxunacağam və onu sizlərlər paylaşacağam. Bunu həm siz, həm də mən həyatımızda davamlı, uzun müddətli tətbiq edib yaşaya bilsək, o zaman xəyallarımız da reallaşacaq, qarşımıza qoyduğumuz hədəflərə də bir-bir çatacağıq.

İlk olaraq “sirr”in əsas mesajını yadımıza salmaqla başlayaq. Mesajın əsas məğzi budur ki, siz kainata nə mesaj göndərirsinizsə, onu da həyatınıza çəkirsiniz, bumeranq kimi, göndərdiyiniz geri – sizə –  qayıdır. Başqa bir ifadəylə deyəcək olsaq, pozitiv düşünün, xəyallarınızı reallaşmış kimi təsəvvür edin, gözünüzdə canlandırın və bu xəyallarınızı reallaşdıracaqsınız. Hətta çox bilinən və təcrübədə istifadə olunan bir şeyi də bizimlə paylaşırlar – idmançıların hədəflərini gözlərində canlandırmasını (“visualization”) və bunun idmançıların performansı üzərindəki müsbət təsirini.

Bu yanaşmanın işləməməsinin səbəbi “Davranış Uyğunsuzluğudur”.  Davam edək və nə demək istədiyimi daha da aydın bir şəkildə anlayacaqsınız, eyni zamanda “davraış uyğunsuzluğu”nun nə olduğunu da.

İndi düşünün ki, siz olimpiyada oyunlarında məşğul olduğunuz və sevdiyiniz idman növü üzrə qızıl medal almaq istəyirsiniz. Bunun üçün də bu hədəfinizi, xəyalınızı gündə bir neçə saat oturub bütün detalları ilə, hiss edərək zehninizdə canlandırırsınız. Özünüzü qalib, qızıl medal boynunuzdan asılmış halda görürsünüz. Bu hədəfinizi reallaşdırmaq şansınız nə qədərdir? Böyük ehtimal sıfır, heç yoxdur. Çünki tapmacanın (“puzzle”) ən vacib hissələrini unutmusunuz, gözardı etmisiniz, kəsə yoldan getmək istəyirsiniz.

“Sirr” (“secret”) və bənzər mesajlara bir qrup inanan və bunları tədris edən, paylaşanlar deyəcəklər ki, bunu bilirik də, işləmək lazımdır. Ancaq bu, doğurdan da bilməkdirmi?

Əgər həqiqətən işləmirsinizsə və sırf demək xatirinə “işləmək də lazımdır, sadəcə xəyal qurmaqla, pozitiv olmaqla olmur” demək hara; yorucu, ağrılı, acıl təlim, tədris proseslərini yaşamaq, saatlarla işləyib haldan, taqətdən düşüb, o halda qalmaq və növbəti gün yenə başlayıb ən azı o qədər işləmək və bu prosesi aldığı, alacağı zədələrə, yaşayacağı xəstəliklərə, ailəsində, yaxın çevrəsində baş verən ağır hadisələrə, itkilərə və digər ciddi problemlərə baxmayaraq aylarla və illərlə davam etdirmək hara?! Aradakı fərqi yəqin ki, siz də görə bilirsiniz. Yuxarıda dediyim, tapmacanın (“puzzle”) əsas hissəsini gözardı edirsiniz deyərkən, nəzərdə tutduğum da məhz budur. Bu ciddi bir fərqdir.

Yəni, bizim davranışlarımız, vərdişlərimiz, həyat tərzimiz xəyallarımıza uyğun deyilsə, nə qədər zehnimizdə canlandırsaq da, heç bir faydası olmayacaq. Reallaşmayacaq ümidlərlə yaşayacaq, hər gün bir neçə dəfə qəbul olmayacaq dualara “Amin!” deyəcəyik.

Gündəlik olaraq davranışlarınızı yoxlayın və dürüst bir şəkildə özünüzü qiymətləndirin. Əgər gündəlik davranışlarınız sizi hədəflərinizə yaxınlaşdırmırsa, o zaman oturub boş yerə zehninizdə canlandırmalar etməyin. Davranışlarınızda dəyişikliklər etməyə başlayın və davranışlarınızı hədəflərinizə uyğunlaşdırmağa, yenidən dizayn etməyə çalışın.

Qısa və cəld bir test etmək üçün bu sualları cavablandıraq:

Adi bir insanın qrafiki, rejimi və yeyib içdikləri ilə yaşayıb bir olimpiya çempionu ola bilərsinizmi?

Sizcə qibtə etdiyiniz, həsəd apardığınız, hətta paxıllıq etdiyiniz o rəfiqənizin və ya iş yoldaşınızın çəkisində olmaq, o cür geyimləri rahatlıqla geyinmək istəyib, amma eyni zamanda da bunu edə bilmək üçün sadəcə xəyallar qurmaqla buna nail olma ehtimalınız nə dərəcədə böyükdür?

İşində daima problemləri olan, təqdirnamə yerinə tənqidlər, xəbərdarlıqlar alan bir işçi kimi işləyib karyera yülksəlişi reallaşdırmağınız nə dərəcədə mümkündür?

Milyoner olmaq istədiyiniz halda, bu mövzuda özünü inkişaf etdirmədən, təhsilini, bilik və bacarıqlarını artırmadan, adi bir insan kimi yaşayaraq milyoner olma ehtimalınız nə dərəcədə çoxdur?

Sahənizdə ən yüksək peşəkar beynəlxalq dərəcəli sertifikatları almaq istəyirsiniz, ancaq həyat tərziniz bu cür hədəfləri olmayan digər insanlar kimidir, nə oturub imtahana hazırlaşırsınız, nə oxuyursunuz, nə də araşdırırsınız, sadəcə almaq istəyirəm deyirsiniz. Sizcə bu gedişlə bəhsi keçən sertifikatları nə vaxt alacaqsınız?

Əminəm ki, sualların cavabını bilirsiniz və həmçinin nə demək istədiyimi də.

Nəticə olaraq, zehində canlandırma edin, xəyal qurun, pozitiv olun (eynilə Pat Mesitinin “Oyanın və Xəyal Qurun” kitabında dediyi kimi), ancaq buna bel bağlamayın. Bunları sadəcə, necə deyim, vitamin kimi bir şey olaraq düşünün. Faydası var, ancaq etməsəniz də, ciddi bir itkiniz olmayacaq. Lakin ən əhəmiyyətli olan və üstündə də ən çox düşünməli, fokuslanmalı olduğunuz davranış uyğunluğudur.

Demək olar ki, hər yazıda dediyim kimi, icazənizlə bu yazıda da demək və təkrarlamaq istəyirəm: yola bir gündə, bir dəfəlik hər şeyi dəyişdirmək həvəsi ilə çıxmayın. Addım-addım səhvləri, yanlışlarınızı tapmağa çalışın. Daha sonra da bunları necə düzəldə biləcəyinizi düşünün, yeni yollar axtarıb tapın. Son olaraq da planladığınız bu dəyişiklikləri həyata keçirin.

Həvəsi, motivasiyası çox olanlardan deyil, çox kiçik, balaca zəfərləri olanlardan, mənfi vərdişlərini bir-bir həyatından çıxaranlardan, az-az, lakin dayanmadan, daima, davamlı olaraq yaxşıya doğru dəyişənlərdən olun. Eynilə yaponların kayzen yanaşmasında olduğu kimi, addım-addım hər gün bir az daha yaxşıya, ideala və hədəfə doğru.

Bəli, bu halda əsl “sirr”i (“secret”i) tapacaqsınız.

Uğurlar!!!


Bənzər Yazılar:

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s