Ayaqyalın Yanan Kömürlərin Üstündə Necə Yeridim və Nə Öyrəndim?

Toni Robbins (Anthony Jai Robbins) haqqında ilk dəfə Bakıda tələbəlik illərimdə eşitmişdim. O vaxtdan etibarən (yəni, təxminən 12-13 il əvvəl) kitablarını oxuyub videolarını davamlı olaraq izləməyə başladım. 2015-ci ildə isə kouçing sahəsində Toni Robbinsin bir proqramını bitirib sertifikatını aldım. Daha ilk videolarını izləməyə başlayandan və seminarları haqqında məlumat alandan demişdim ki, mütləq bir gün bu seminarlarda canlı olaraq iştirak edəcəyəm. Təbii ki, mənim üçün  alovun,  yanan kömürlərin üzərindən yeriyərək keçmək də bu seminarın ən maraqlı və ən həyəc46506374_1073923776099280_1389986566721503232_nanlı məqamlarından biri idi.

ABŞ-a gəldiyim gündən də bu arzumu reallaşdırmaq üçün Toni Robbinsi yaxından izləyirdim və tez-tez seminarların tarixlərini, yerlərini yoxlayırdım. Yaşadığım şəhərdə uzun müddət idi ki, seminarı olmurdu. Sadəcə bir dəfə gəlmişdi, onda da öz seminarı deyil, başqa bir seminar üçün. Özünün seminarı olmadığına görə də açığı getməmişdim. Bu ilin əvvəllərində eşitdim ki, bizə yaxın bir şəhərdə seminar olacaq. Dərhal təşkilatçı şirkətə zəng vurdum, qeydiyyatdan keçdim və gözləməyə başladım.

Seminar günü gəlib çatdı. Əlbətdə ki, həyacanlı idim. Getməyi, canlı olaraq o anları yaşamağı, təcrübə eləməyi ən çox istədiyim bir arzumu reallaşdırırdım.

Nə isə, seminar başladı, Toni səhnəyə çıxdı, həmişəki kimi səs-küylüydü, müsiqi bir yandan, hopbanıb düşür, qışqırır, hər kəsi ayağa qaldırırdı. Toni ilk gün seminara saat 12:30-da qoşuldu və bu seminar gecə saat 2-yə qədər davam etdi. Alovun, yanan kömürlərin üzərində yerimək də məhz seminarın ilk günü olur – günün ən sonunda.

Toni Robbins hər zamanki həyəcan və enerjisiylə danışmağa başladı. Mən də dinləyir, düşünür, qeydlər alırdım. Bir tərəfdən də vaxt yaxınlaşırdı. Gecə saat 12 idi və Toni yanan kömürlərin üstündə yeriməkdən danışmağa başladı. Özümüzə xəsarət vermədən necə yeriyə biləcəyimizi izah edirdi. Necə düşünmək lazımdır, diqqətimizi  hara və nəyə verməliyik (fokuslanmal46405240_290943801761110_8993696620591710208_nıyıq), necə danışmalı, özümüzə nələr deməli, nələr təlqin etməli, bədənimizi necə hərəkət etdirməliyik. Bu və buna bənzər qaydaları bizə izah etdi. Baxmayaraq ki, bunu etməyi çox istəyirdim, ancaq vaxt yaxınlaşdıqca həyəcan və qorxum da artırdı. Demək olar ki, 7-8 dəfə fikir dəyişdirdim. Gah deyirdim ki, heç nə olmayacaq, edə bilərəm, edəcəyəm, bir az sonra isə qorxurdum və fikrimi dəyişdirirdim.

Toni dəfələrlə necə edəcəyimizi göstərib izah etdikdən sonra dedi ki, indi corablarınızı çıxardın və yeriməyə başlayın. Gecə saat 1 olmuşdu və biz ayaqlayın çölə  – ocaqların hazırlandığı əraziyə doğru – yeriməyə başladıq.

Hamı qışqırır, bir-birinə dəstək olur, həvəsləndirirdi. Nəhayət gəlib çatdıq yanan kömürlərin olduğu əraziyə. İnsanlar başladı bir-bir yeriyib keçməyə. Hərə bir cür səs çıxarırdı, qorxunu  insanların gözlərindən də görmək olurdu. Mən hələ də qorxurdum. Ancaq artıq qərar vermişdim: “Bunu edəcəyəm!”

Nə isə, mənim növbəm çatdı. “Başla, keç!” dedikləri zaman ilk addımı ata bilmədim. Dayandım. Gözucu kömürlərə baxdım və bir anlıq dizlərim əsdi. Ancaq geri də qayıtmaq istəmirdim. Bir anda Toninin dediklərini xatırladım və nəyi necə demişdisə, elə də etdim və yeriməyə başladım. Həm yanan kömürlərin üstündə, həm də yeriyib bitirdikdən sonra qorxu hələ də qalmışdı. Sadəcə qorxu da deyildi, həm də özümü donmuş kimi hiss edirdim. Hətta kömürləri yeriyib bitirdikdən sonra yerimdə donub qaldım. Dayandım. Sağa, sola baxırdım. Ətrafa başqa bir planetə düşmüş, sanki  heç kimi və heç nəyi həyatımda daha əvvəl görməmiş kimi baxırdım.

Toni Robbinsin seminarında iştirak edən Oprah Winfrey (Opra Uinfri) yanan kömürlərin üstündə yeriyir (video)

Toninin təkrarlayaraq dediklərindən biri də bu idi ki, yeriyib bitirdikdən sonra yerimə halında ikən psixoloji və fiziolji vəziyyətiniz necədirsə, o halı bir neçə dəqiqə qoruyub salxlayın və yeriməyə, kömürlər olan yerdən uzaqlaşmağa davam edin. Eyni zamanda ayaqlarınızı təmizləyin.

Bunu ona görə demişdi ki, yeriyərkən barmaqların arasında yanan kömür qalmış ola bilər, həmçinin ətrafda da hələ də yanmağa davam edən kömürlər ola bilər və bu halda əgər orada dayansaq, o kömürlər ayaqlarımızı yandıracaq. Bu qaçılmaz və təhlükəlidir. Mən isə yuxarıda dediyim kimi alovlu yolu yeriyib bitirdim, lakin davam etmədim və kömürlərin yanında donub qalmışdım, ətrafımdakılar qışqıraraq məni təbrik edirdi. Gördülər ki, mən dayanmışam, davam etmirəm, ayaqlarıma əllərindəki borudan su tökdülər. Toni Robbins bunu da demişdi. Əgər kimsə yeriməyə davam etməsə, edə bilməsə, yapışan kömürlərin ayaqlarınızı yandırmaması üçün soyuq su fışqırdılacaq.

Sudan sonra da məni təbrik etdilər və “bu tərəfə” deyib davam etməyimi istədilər və yeriməyə davam etdim. Hava çox soyuq idi və gecə saata 1:30 idi. Yəqin ki, həm ayaqyalın çöldə gözləməkdən, həm də ayağıma tökülən soyuq suyun təsirindən ayaqlarım ağrayırdı. Digər insanlarla (çox sayda insan var idi – 12.000 nəfər) seminarın olduğu zala doğru yeriyirdim. Ayaqlarım ağrayırdı deyə düşündümü ki, 100% yanıb. Bir az işıqlı bir yerə gəldikdən sonra ayaqlarımı növbə ilə qaldırıb təmizlədim və baxdım ki, heç nə olmayıb. Yanmayıb. Wow. İndi artıq özümü daha super hiss edirdim.

46397955_384447065627300_2355942827763957760_nBu mənim illərdir etmək istədiyim bir şey idi. Etdim, həm də heç bir zərər və ya xəsarət almadan. Bu cür hədəfləriniz, arzunuz olubsa və reallaşdırmısınızsa, necə bir hiss olduğunu  çox gözəl bilirsiniz, məni anlayırsınız. Özümü çox yaxşı hiss edirdim, həm də içimdə daxili, dərin bir rahatlıq hissi var idi. Bu təcrübə mənə çox vacib bir neçə dərs öyrətdi və indi də onları siz dəyərli dostlarla paylaşacağam.

  • Toni gecə saat 11:30-12:00-yə kimi alovlu yolda yerimək haqqında çox danışmadı. Sadəcə bir neçə dəfə vurğuladı. Lakin gün boyunca dinlədikcə tez-tez ağlıma gəlirdi. Həm qorxurdum, həm həyacanlı idim, həm də axır ki, bunu edəcəyəm deyə çox sevinirdim. Bu haqda sadəcə 11:30-dan etibarən danışmağa başladı. Dəfələrlə necə edəcəyimizi göstərdi. Toni bu qaydaları təkrarlayarkən bəzən də zarafatlar edirdi. Qorxuducu zarafatlar. Gah səhnədəki böyük ekrana yanmaqda olan, hazırlanan alovlu kömürlərin videosunu gətirir, gah da neçə insanın deyilən qaydalara düzgün əməl etmədikləri üçün özlərini yandırdıqlarını, bunun risklərinin də nə qədər çox olduğunu, təhlükəli olduğunu deyir, həm güldürür, həm də qorxudurdu. Bu hissə təxminən 40 dəqiqə kimi davam etdi və mən bu 40 dəqiqə ərzində ən azı 7-8 dəfə fikir dəyişdirdim. Gah deyirdim ki, edəcəyəm, gah da “yox, çox risklidir, etmirəm.. etməyəcəyəm” deyirdim. Buradan məşhur komfort zonamızı tərk etmə mövzusunu daha yaxşı və praktiki olaraq anladım. Bu mənim heç vaxt etmədiyim, sadəcə maddi itkiləri deyil, həm də sağlamlığıma ciddi zərərləri ola biləcək bir risk idi. Bir daha anladım ki, biz nə isə fərqli bir şey etmək istədiyimiz vaxt, böyük riskli olan hər hansısa bir qərar vermək istədiyimiz an beynimiz möhtəşəm bir sürətlə ola biləcək bütün neqativ, mənfi nələr varsa, hər birini sadalayır, çox inandırıcı arqumentlər gətirir, keçmişdən qorxuducu misallar xatırladır. Doğrudan da beynim elə bir canfəşanlıqla işləyirdi ki, gəl görəsən. Bir növ əlindən gələn hər şeyi edirdi ki, məni bu qərarımdan daşındırsın. Buradan öyrəndiyim bu idi ki, deməli mən dəfələrlə risk etmək istəmişəm, bəzi vacib qərarlar almaq istəmişəm, ancaq daha sonra bundan imtina etmişəm, sırf beynimin mənə sadaladığı bu saysız-hesabsız səbəblərdən ötrü. Ancaq qərar verib etməyin və yə etmək istədiyimiz şeyin nə qədər təhlükəli olduğunu anlaya bilmirik. Beynimiz təhlükəni olduğundan daha çox şişirdir. Bizə itirəcəklərimizi daha çox göstərməyə çalışır. Onları gözümüzdə böyüdür, təsirini çoxaldır. Ancaq davranış iqtisadçılarının (behavioral economists) da təsdiqlədikləri kimi, biz qazanacaqlarımızdan daha çox itirəcəklərimizə görə narahat oluruq (Bu mövzularda Den Arieli (Dan Ariely) kimi məşhur mütəxəssislər oxuna bilər). Misal üçün verəcəyiniz bir qərara görə itirmə ehtimalınız olan məbləğ 10 manat, ancaq qazanma ehtimalınız isə 25-30 manatdırsa, biz adətən 10 manatı saxlamağa qərar veririk. Psixologiyamız bu cür işləyir, beynimiz bu cür qiymətləndirmə edir.
  • İkinci olaraq isə hər birimizin dəfələrlə oxuduğu, eşitdiyi çevrənin, ətrafın üzərimizdəki təsiri Yəni ən sadə dillə – digər insanlar və sosial təsdiq. Mənim o qədər qorxmağıma, narahatçılığıma baxmayaraq qərar verib o kömürllərin üstündə yeriməyimə əsas səbəb nə Toni Robbinsin dedikləri, nə özümə inamım, nə də başqa bir şey idi. Ən əsas, ən güclü təsir edən faktor bu idi ki, orada minlərlə insan var idi və onlar yeriyib keçirdilər, nə bir insan yanırdı, nə də zədə alırdı. Mən də düşündüm ki, xeyir ola, bunlara nəsə olmur, mənə niyə olsun ki? Onlar edə bilirsə, əla, mən də edə bilərəm, həm də çox da gözəl edərəm. ƏN güclü səbəb bu oldu. Buradan öyrəndiyim, hətta çox dərindən, ta zehnimdən də keçib ürəyimlə belə anladığım, dərk etdiyim bu oldu ki, fərqində olsaq da, olmasaq da, ətrafımız, sosial təsdiq bizi istiqamətləndirir. Həyatımıza şəkil verir. Gələcəyimizi dizayn edir. Mən azad düşüncəliyəm, təsirlənmirəm deyə pafoslu danışmağın heç yeri yoxdur. Hər kəs, hər insan bundan təsirlənir. Çox zəif olanlar isə ömrünü tamamilə bu sosial təsdiq deyilən qəfəsin içərisində keçirdir. Buradan öyrənəcəyimiz isə budur ki, etmək istədiyimiz nə isə bir iş, layihə, başlamaq istədiyimiz bir biznes, öyrənmək istədiyimiz hansısa bir sahə varsa, bu zaman əsla kifayətlənməyəcəyik, ətrafımızdakı insanlar bunu edə biliblər, yoxsa yox, buna baxmayacağıq. Yəni kiminsə, hətta tanıdığımız, bildiyimiz heç bir insanın belə bir işi bacarmamış olması heç də o demək deyil ki, bizdə də alınmayacaq. Bu çox əla səslənir. “Artıq mən heç kimə görə qərar verməyəcəyəm, milyoner, milyarder olacağam, dünyanı dəyişəcəyəm” və sair kimi çox böyük hədəfləri reallaşdıra biləcəyini düşünmək, buna qərar vermək, xəyalını qurmaq beynimizdəki adrenalin fəvvarəsini işə salır. Lakin bu o qədər də həyacan, macəra dolu, asan bir seçim deyil. Bu qərarı verən insan bu qərarın onun qarşısına çıxardacağı çətinlikləri, riskləri, əngəlləri də düşünməlidir ki, bir həftə sonra həvəsdən düşüb, “ən yaxşısı oturum işimdə işləyim, maaşımı alım, məndən heç nə olmaz” deyib özündən tamamən ümidini kəsməsin. Çox motivasiya dolu sözlər yazmaq istəmirəm, ancaq bunu düşünəndə ki, mən ətrafa görə qərar verdim, bu iki əhəmiyyətli sual yaranır: 1) Ətrafımda bu günə kimi reallaşdırmaq istədiyim ən böyük xəyallarımı artıq reallaşdırmış olan sadəcə 2-3 insan olsaydı, bu cür tanışlarım olsaydı, mən necə düşünərdim? 2) Bundan sonra daha da diqqətli olsam və ətrafımda mənim etmək istədiklərimi etməmiş bir nəfərin belə olmamasına baxmayaraq, imtina etməyib, vaz keçməyib davam etsəm, həyatım bir neçə il sonra necə və nə qədər fərqli olar?
  • Ən vacib olanı isə bizə çətin gələn, lakin etdiyimiz halda bizdə müsbət dəyişikliklər yaradacaq, buna səbəb olacaq nələr varsa, bunları edə bilmək üçün sadəcə həvəsə, motivasiyaya, özünə inama (özgüvən) arxalanmaq çox safca, çox uşaqca bir yanaşmadır. Çox əla araşdırmalı, öyrənə biləcəyimiz, toplaya biləcəyimiz bütün məlumatları toplamalıyıq ki, sırf nəyisə bilmədiyimiz üçün özümüzə əlavə zərərlər verməyək. Burada da çox incə bir xətt var: “Oturub sırf hər şeyi öyrənəcəyəm və ancaq ondan sonra başlayacağam” dedikdə isə ingiliscə analysis paralysis” dedikləri şeyi yaşayırıq. Yəni o qədər çox düşünürük ki, bir yerdən sonra artıq hərəkət etmə, başlama həvəsimiz qalmır. Daima məlumat əksikliyimiz olduğunu düşünür və buna görə də təxirə sala-sala davam edirik. İcraat, işləmək, hərəkət etmək bacarığımız iflic olmuş olur. Amazonun CEO-su Jeff Bezosun da dediyi kimi, çox əhəmiyyətli bir qərar vermək və dəyişiklik etmək istəyirsinizsə, lazım olduğunu düşündüyünüz məlumatların 70% -ni toplamısınızsa, artıq başalamaq vaxtıdır. Bezos deyir ki, bu nöqtədən sonra gözlədiyiniz hər dəqiqə gecikdiyiniz dəqiqədir. LinkedIn-in qurucusu, Silikon Vadisinin məşhur investorlarından Reid Hofmman isə “Əgər bazara çıxardığınız ilk məhsuldan bir az da olsa utanmırsıznızsa, çox gecikmişsiniz deməkdir” deyir. Bizim atalar sözündə də çox əla izah ediblər: Ağıllı düşünənə qədər, dəli vurub çayı keçdi. Bunları mükəmməl bir şəkildə etməyin qısa, konkret, dəqiq bir düsturu, formulu yoxdur. Tamamən fərdi olan və hər qərara, vəziyyətə görə dəyişən bir faktordur. Buna da artıq özünüz qərar verəcksiniz. Əgər əmin deyilsinizsə ki, mən çoxmu düşünürəm, öyrənməyə, araşdırmağa hələ də çoxmu vaxt ayırıram deyə, o zaman başlayın. Həm etmək istədiyiniz nədirsə, onu edin, həm də bir yandan etdilərinizdən, prosesdən, bir yandan da davam edən araşdırmalarınızdan öyrənin.

Qısa olaraq və xülasə kimi deyəcək olsam, bunları öyrəndim: Əgər nə vaxtsa qeyri-adi, heç vaxt etmədiyim və riskli bir şey etmək istəsəm, bu fikrə düşsəm 1) Beynim həyatda qalma rejiminə (survival mode) keçəcək və dərhal bunu etdiyim təqdirdə yaşaya biləcəyim real və ya qeyri-real (hətta fantastik) bütün mənfi nəticələri dayanmadan, təkrar-təkrar, olduğundan daha da faciəli, şiddətlli, qorxulu bir şəkildə mənə göstərəcək, eşitdirəcək, xatırladacaq. 2) Avtomatik olaraq ətrafa baxacağam, digər insanlar nə düşünürlər, bunu edən olubmu, onlar bunu necə ediblər və sair. Əgər bunu etmiş insanlar tapa bilsəm, mən də edəcəyəm. Tapa bilməsəm, böyük ehtimal sadəcə düşüncə olaraq qalacaq. Bilirsiniz ən dəhşətlisi nədir? İnsanların etmək istədikləri nədirsə, onu edən bir çox insanları görmələri və tanımalarına baxmayaraq, yenə də heç nə etməmələridir və onlarda alınmayacağını düşünmələridir. ƏN faciəvi olan budur. 3) Ya sadəcə motivasiyaya bel bağalıyıb “mən edərəm” deyib, kor-koranə atılacağam işin içinə, ya da “öyrənəmli olduğum hər şeyi öyrənim” deyib araşdırma, öyrənmə mərhələsinə lazımından daha çox vaxt sərf edəcəyəm və fürsətləri qaçıracağam. Bu dərdin dərmanı isə başlamaq üçün lazım olan qədər öyrəndiyimi hiss edirəmsə, o zaman gecikmədən başlamağa qərar vermək və mükəmməlliyətçilik virusuna yoluxmağa izin verməməkdir.

Yazı kifayət qədər uzun oldu və daha çox olmaması üçün bu qədərlə kifayətlənməyə qərar verdim. Əsas nüansları paylaşdığımı düşünürəm.

İndi isə sürprizə gələk.

Harvard Business School-un professorlarından birinin insan davranışının və halının onun düşüncə və hissləri üzərindəki təsirini göstərən çox məşhur bir araşdırması var. Bu mövzuda bir TED çıxışı da olmuşdu. Onu da qyed edim ki, bu çıxış TED tarixinin ən çox baxılan on çıxışından biridir. Eyni mövzuda kitab da yazıldı və bu kitab da bestseller oldu. Mən ilk dəfə Toni Robbinsin kitablarını oxumağa təxminən 12-13 il əvvəl başlamışam və eyni mövzunu Toni o vaxtlardan bütün kitab və seminarlarında daima təkrarlayır. Bu kömürlərin üzərində yerimə tövsiyələrində də ən vacib məqamlardan biri məhz bu mövzu idi. Bu mövzu qısa olaraq deyəcək olsam, bizim fizioji vəziyyətimiz, bunun üzərimizdəki təsiri və bunu saniyələr içərisində dəyişdirməyin yolları haqqındadır.

Həm bu mövzuda, həm də bu 4 günlük seminarlardan öyrəndiklərimi paylaşmaq üçün bir vebinar təşkil edəcəyəm. Vebinarda iştirak ödənişlidir. Ancaq bu yazını sonuna qədər oxuyanlar və bloqun izləyicilərinə ciddi bir endirim olacaq. Əgər iştirak etmək istəyirsnizsə, o zaman tehran.abdurrahimov@gmail.com ünvanına mövzu yerində VEBINAR yazmaqla bir email göndərin. Email göndərənlərə vebinar haqqında ətraflı məllumat veriləcək.


Bənzər Yazılar:

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s