Həyat son raundu olmayan boks matçıdır.

Həyat son raundu olmayan boks matçı kimidir. İlk baxışda həyata bu cür bir yanaşma insana çox amansız, ruhdan salıcı kimi görünə bilər, ancaq bu, reallığa çox yaxın bir baxışdır. Bir dəfə çox maraqlı bir fikir eşitmişdim. Müəllifini xatırlamadığım fikir belə idi: 

“Qarşılaşdığınız hər bir insan ya bir böhranın tam ortasındadır, ya lap yaxında bir böhrandan çıxıb, ya da ən yaxın zamanda həyatında bir böhran baş verəcək.”

Bu fikir elə “həyat son raundu olmayan boks matçıdır” fikri ilə çox bənzərdir. Təbii ki, arada fasilələr olacaq, yaxşı günlər, zəfərlər də, lakin mübarizə daima davam edəcək. Əgər yaşayırıqsa, deməli hələ də bu rinqdəyik və rinqdəyiksə, deməli daima yeni zərbələr və hücumlarla qarşılaşacağıq. 

Bəs biz nə etməliyik?

Yaxud bu reallığı necə dəyişə bilərik?

Əslində biz bu reallığı dəyişə bilmərik, sadəcə bu reallıq qarşısında necə rəftar edəcəyimizə, reaksiyamızın necə olacağına qərar verə bilərik. Əlbəttə ki, bu heç də asan bir şey deyil. Biz bu məsələdə ancaq davamlı və yalnız addım-addım daha yaxşı bir səviyyəyə yüksələ bilərik. Maraqlısı da odur ki, biz nə qədər böyük düşünsək, nə qədər ciddi dəyişikliklər etmək istəsək, hədəflərimiz nə qədər böyük olsa, mübarizə apardığımız rinq və bu rinqdəki rəqiblərimiz də o dərəcədə böyük, güclü və ciddi olacaq. Beləliklə də mübarizə daha çətin, qalibiyyət isə daha zövqlü olacaq. Bunun üçün də əgər ciddi hədəflərimiz varsa, böyük düşünür və əsaslı dəyişikliklər, fərqli və daha yaxşı bir gələcək arzulayırıqsa, bizim şikayət, gileylənmə, ümidsilziyə düşmə, narazlılıq etmə kimi seçimlərdən istifadə etmək haqqımız olmayacaq.

Nə üçün?

Cavab və bu cavab arxasındakı məntiq çox sadədir. Çünki vaxtımızı, enerjimizi və digər resurslarımızı həm şikayətlənməyə, həm də mübarizəyə ayıra bilmərik. Daha doğrusu ayıra bilərik, amma səmərəli nəticə əldə edə bilmərik. Çünki o qədər nə vaxtımız, nə də resursumuz var. Bunun üçün də mümkün qədər daha çox vaxt, enerji və digər resurslarımızı mübarizəyə ayırmalıyıq ki, istədiyimiz və ya istədiyimzə yaxın nəticələr əldə edə bilək.

Zərbə almamağın yollarını axtarmaq bəlkə də faydalı ola bilər. Amma yalnız belə bir metod tapmaq ümidi ilə yaşamaq vaxt itkisindən başqa bir şey deyil. Həmçinin zərbə aldığı üçün ruhdan düşmək, məyus olmaq, sızlamaq, deyinmək, şikayətlənmək də. 

Bu rinqdə müsbət nəticələr almaq üçün edə biləcəyimiz ən məntiqli seçim davamlı olaraq düzəlişlər etmək, yeni texnika və metodlar hazırlamaq, həm hücüm, həm də müdafiə və əks hücum strategiyalarımızın üzərində işləmək, onları təkmilləşdirməkdir. 

Təbii ki, bütün bunlarla yanaşı özümüzdən “niyə zərbə aldım?” sualını da soruşmalıyıq. Lakin bir şərtlə, bu sualı soruşmaq məqsədimiz şikayət deyil, öyrənmək və nəticə çıxartmaq olmalıdır ki, zəif nöqtələrimizi kəşf edək və gələcəkdə bu və bənzər zərbələrin qarşısını məharətlə ala bilək. Bu cür öyrənmə arzusu ilə yanaşdıqda aldığımız zərbələr və yaşadığımız məğlubiyyətlər də nisbətən daha az üzücü və ruhdan salıcı olacaq. Bu da amansız və bir o qədər də gərçək olan bu oyunda hava və su kimi ehtiyacımız olan əlavə və ciddi bir motivasiyadır. 

Həyat bizi yerə sərdiyi vaxt – hansı ki, bu çox olacaq – daima xatırlayacağıq ki, bu heç də hər şeyin sonu deyil, tam əksinə, yenidən, fərqli alət və strategiyalarla başlamağın zamanıdır.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s